ON İKİ İMAM
Bu barədə olan mühüm məsələlərdən biri də canişinlərin sayıdır. Mə'lum məsələdir ki, peyğəmbərdən sonra neçə imamın olacağı hamını maraqlandıran suallardandır.
Qeyd etmək lazımdır ki, bu haqda həzrət Peyğəmbərin özü tərəfindən çoxlu hədis və rəvayətlər nəql olunmuşdur.
O həzrət (s) buyurur:
«Mən asiman, Əhli-beytimdən olan imamlar isə ulduzlardır. Onların birincisi Əli, sonuncusu isə Məhdidir və onlar on iki nəfərdir.»
Həzrət peyğəmbər (səlləllahu ələyhi və Alihi və səlləm) digər hədisdə buyurur:
«(həqiqətən) məndən sonra on iki rəhbər olacaqdır.»
Bunu da diqqətinizə çatdırırıq ki, indiyədək müsəlmanlara rəhbərlik etmiş «Bəni Üməyyə» və «Bəni Abbas» xəlifələri bu hədisə uyğun gəlmir.
Çünki «Bəni Üməyyədən olan xəlifələr 12 nəfərdən az, «Bəni Abbas»-dan olan xəlifələr isə 12 nəfərdən çox olmuşdur.
Həzrət peyğəmbərin (s) hədisi ilə uyğun gələn yeganə şəxslər, mə'sum imamlar və peyğəmbərimizin pak Əhli-beytidir.
Bu isə Əhli-beyt məktəbinin həqiqət və doğru olduğunu göstərir.
İndi isə on iki ilahi rəhbərin adı və ləqəbini diqqətinizə çatdırırıq:
1-İmam Əliyyibni Əbi Talib, Əmirəl-mö'minin (əleyhissalam);
2-İmam Həsən ibni Əli, Müctəba (əleyhissalam);
3-İmam hüseyn ibni Əli, Seyyidüş-Şühəda (əleyhissalam);
4-İmam Əliyyibni Hüseyn, Zeynül-Abidin (əleyhissalam);
5-İmam Mühəmməd ibni Əli, Baqirul-Ulum (əleyhissalam)
6-İmam Cə'fər ibni Mühəmməd, Sadiq (əleyhissalam);
7-İmam Musəbni Cə'fər, Kazim (əleyhissalam);
8-İmam Əliyyibni Musa, Riza (əleyhissalam);
9-İmam Mühəmməd ibni Əli, Cavad (əleyhissalam);
10-İmam Əliyyibni Mühəmməd, Hadi (əleyhissalam);
11-İmam həsən ibni Əli, Əskəri (əleyhissalam);
12-İmam Mühəmməd ibni Həsən, Məhdi (əleyhissalam).
O həzrət hal-hazırda sağdır və Allahın izni ilə zühur edib, yer üzündə ədaləti bərpa edəcək və rəhbərliyi ələ alacaqdır.
Belə bir sual yaranır ki, nə üçün haqq olan on iki imamın adları Qur'anda aşkar şəkildə qeyd olunmamışdır?
Xatırladırıq ki, belə bir sual keçmiş zamanlarda da imamlarımızdan soruşulmuş və o həzrətlər də onların cavabını vermişlər.
Beləki, Əbu Bəsir İmam Sadiq (əleyhissalam)-dan soruşur:
Yəbnə Rəsulilllah, cammat bizə deyir ki, nə üçün Allah-taala Qur'ani kərimdə Əli və onun Əhli-beytinin adlarını çəkməmişdir?
İmam buyurdu: Onlara belə cavab verin ki, həqiqətən Rəsuli-Əkrəmə namaz hökmü nazil oldu, amma Allah-taala onun üç və ya dörd rəkət olmasını bəyan etmədi. Həzrət Peyğəmbər (s) də özü camaat üçün rəkətlərin sayını bəyan etdi.
həmçinin, zəkatın hökmü ümumi şəkildə nazil oldu, amma onun incəlikləri və hansı halda vacib olması bəyan olunmadı və Peyğəmbər özü şəxsən onları aydınlaşdırdı.
Habelə, Allah-taala həccin vacib olmasını əmr etdi, amma neçə dəfə təvaf etməyin vacib olmasını bəyan etmədi və Peyğəmbər bunu da özü camaata bəyan etdi. Həmçinin Allah taala «Allaha, Onun Rəsuluna və əmr sahiblərinə itaət edin» ayəsini nazil etdi, amma əmr sahiblərinin kimlər olduğunu bəyan etmədi və bunun aydınlaşdırılmasını Peyğəmbərin öhdəsinə qoydu. Həzrət Peyğəmbər müxtəlif hadisələrlə əlaqədar olaraq əmr sahiblərinin, (yə'ni özündən sonra ümmətin imamları və özündən sonra haqq canişinlərinin kimlər olduğunu) dəfələrlə bəyan etmiş və islam ümmətinə çatdırmışdır.»
İMAM ZAMAN (əleyhis-salam)
İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin on ikinci canişini müəyyən səbəblər üzündən qeybə çəkilmiş və Allahın icazəsi ilə zühur edib dünyada olan zülmkarlığı aradan aparacaq, həmçinin dünyada ədaləti bərqərar edəcəkdir.
hal-hazırda (yə`ni 2002-ci ildə) həzrət Məhdi əleyhissalamın 1168 yaşı vardır və Allah taalanın istədiyi vaxt zühur edəcəkdir.
Lakin bə'zi şəxslər o həzrətin (ə) indiyə qədər sağ qala bilməsi barəsində şübhə edirlər. Allah taala Qur'ani kərimdə buyurur:
«(Onlar) dünyanın zahirindən başqa bir şey bilmir və onlar axirət (əbədi) həyatdan qafildirlər.»
Həzrət Məhdi (əleyhis-salamın) indiyədək sağ qalmasını inkar edənlər də yalnız dünyanın zahirindən xəbərdar olanlardır. Onlar Allahın qüdrətini unudaraq insanların yalnız 60-70 il yaşadığını güman edir və o həzrətin bu qədər uzun müddətli həyatını dərk edə bilmirlər.
Qur'ani-kərimə nəzər saldıqda, İmam Zaman əleyhissalamın bu qədər ömür sürməsini Allahın qüdrətində adi bir iş olduğunu görürük. Belə ki, Allah taala Nuh peyğəmbəri 950 il öz qövmu arasında yaşatmış, Əshabi-kəhfi 300 ildən artıq mağarada yuxu halında saxlamış, İsa əleyhissalamı neçə əsr bundan qabaq göylərə aparmış və hələ də yerə qaytarmamışdır.
Allah-taala kainatı, günəş sistemini, planetləri, müxtəlif qalaqtikaları və sair varlıq aləmlərini Öz tükənməz qüdrəti ilə yaratmışdır.
İmam Zaman əleyhissalamın da bu qədər ömür sürməsi heç də Allah üçün çətin bir məsələ deyildir.
On ikinci imam həzrət Məhdi əleyhissalam beş yaşında ikən qeyb olmuşdur ki, O, Həzrətin iki növ qeybi olmuşdur.
1-Qısa müddətli qeyb, (Qeybəti-süğra);
2-Uzun müddətli qeyb, (Qeybəti-kubra);
O həzrətin qısa müddətli qeybi, qəməri tarixi ilə 260-329-cu illərdə baş vermiş və bu qeyb 69 il davam etmişdir. Bu müddət ərzində o həzrətlə (ə) xalq arasında olan rabitə aşağıdakı dörd nəfər vasitəsi ilə olmuşdur:
1-Osman ibni Səid Əmri, (5il);
2-Mühəmməd ibni Osman ibni Səid Əmri, (40 il);
3-Əbul-Qasim Hüseyn ibni Ruh Nubəxti (21 il);
4-Əbul-Həsən Əliyyibni Mühəmməd Səməri, (3 il);
Həzrət Məhdi əleyhissalamın uzun müddətli qeybi isə Əliyyibni Mühəmməd Səmərinin vəfatından sonra başlamış və bu günədək davam etməkdədir.
Şiə və sünnü alimlərinin əqidəsinə görə dünyanın axırlarında Həzrət Məhdi əleyhissalam zühur edib, ədalət və İslamı bütün dünyada hakim edəcəkdir.
Nəql olunmuş rəvayətlərə əsasən, o Həzrət zühur etdikdən sonra göylərə aparılmış İsa peyğəmbər də yerə enəcək və imam Məhdi əleyhissalamın ən yaxın köməkçilərindən biri olacaqdır.
Dünyada ədaləti bərpa edən imam Zaman əleyhissalama təkcə müsəlmanlar deyil, həm də qeyri-müsəlmanlar inanırlar.
Məsələn; miladi tarixi ilə 1000-ci illər ərəfəsində dünyada böyük bir dəyişikliyin intizarını çəkib, ruhi həyəcanlara düşmüş yəhudi və məsihilər 2000-ci ilin ərəfəsində bir daha həyəcanlanmış və bu ildən sonra nə isə böyük bir hadisənin baş verəcəyini gözləyirlər.
həzrət Məhdi əleyhissalamın zühuru Qur'ani-kərimdə və Əhli-beytin rəvayətlərində də gəlmişdir.
Qur'ani-kərimdə oxuyuruq:
«Allah təala sizlərdən iman gətirib saleh əməllər verənləri onlardan qabaqkılar (peyğəmbərlər) kimi yer üzərində hakimiyyətə çatdırmağı və'də vermişdir.»
Bir çox təfsirlərdə bu ayənin həzrət Məhdi əleyhissalam haqqında nazil olması qeyd olunur və bu haqda çoxlu rəvayətlər nəql olunmuşdur.
Əyyaşi öz təfsirində bu ayənin izahında həzrət Peyğəmbərin bu hədisini nəql' etmişdir:
«Dünyanın axırına bircə gün qalsa belə Allah təala o günü o qədər uzadacaq ki, adı mənim adım və özü Əhli-beytimdən olan bir nəfər gələrək yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, ədalət və insafla dolduracaqdır.»