Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

QƏDR GECƏSİ

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
"Qədr" gecəsi ilin ən fəzilətli gecəsidir ki, rəvayətlərdən məlum olduğuna əsasən, vücud (varlıq) aləminin işləri o gecədə yazılır, təyin olunur və İmam Zaman (əleyhis-salam) tərəfindən imzalanır. İmam Sadiq (əleyhis-salam)-ın belə buyurduğu nəql olunur:
رَأْسُ السَّنَةِ لَيْلَةُ الْقَدْرِ، يُكْتَبُ فِيهَا مَا يَكُونُ مِنَ السَّنَةِ إِلَي السَّنَةِ
"İlin əvvəli (başı) – "Qədr" gecəsidir, bu gecədə bu ildən növbəti ilə qədər baş verəcək hadisələr yazılır." Həmçinin, İmam Baqir (əleyhis-salam)-dan da belə rəvayət olunmuşdur:
مَنْ أَحْيٰي لَيْلَةَ الْقَدْرِ، غُفِرَتْ لَهُ ذُنُوبُهُ وَ لَوْ كٰانَتْ عَدَدَ نُجُومِ السَّمٰاءِ وَ مَثٰاقِيل الْجِبٰالِ وَمَكٰايِيل الْبِحٰارِ
"Hər kim "Qədr" gecəsini ehya keçirsə (sübhə qədər oyaq qalıb ibadət etsə, dua oxusa, Quran tilavət etsə və s.) onun bütün günahları bağışlanar, hətta əgər onun günahları səmanın ulduzlarının sayı, dağların çəkisi və dəryaların suyu qədər olsa belə."
Əlbəttə, diqqət yetirmək lazımdır ki, bu qədər savab yalnız o şəxslərə aiddir ki, əməlin qəbul olunma şərtlərinə malik olsunlar, öz əcr və savablarını Allahın qarşısında günah, itaətsizlik, üsyankarlıq etməklə məhv edib aradan aparmamış olsunlar.
İmam Musa ibni Cəfər (əleyhiməs-salam) buyurmuşdur:
مَنِ اغْتَسَلَ لَيْلَةَ الْقَدْرِ وَ أَحْيٰاهٰا إِلـٰي طُلُوعِ الْفَجْرِ ، خَرَجَ مِنْ ذُنُوبِهِ
"Hər kim "Qədr" gecəsi qusul etsə və sübh açılana qədər (ibadətlə) ehya saxlasa, bütün günahlarından xaric olar (təmizlənər)."
O kəs ki, Allahın bütün mələkləri "Qədr" gecəsində ona nazil olur, o, imkan aləmi qütbünün müqəddəs vücudu, yaradılışın mehvəri Həzrət Bəqiyyətullahil-Əzəm İmam Zaman (ərvahuna fidah)-dır. Yaxşı olar ki, o həzrəti qəlbən sevənlərin hamısı hər bir vaxt, xüsusilə mübarək Ramazan ayının 19, 21 və 23-cü gecələri o həzrətin zühuru üçün Allah dərgahında tam xüzu, xüşu və acizliklə dua edib yalvarsınlar, bu şərif duanı xüsusilə 23-cü gecədə təkrar oxumaqdan qafil olmasınlar: "Əllahummə kulli vəliyyikəl-Huccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaih, fi hazihis-saəti və fi kulli saəh, vəliyyən və hafiza, və qaidən və nasira, və dəlilən və əyna, hətta tuskinəhu ərzəkə təva, və tuməttiəhu fiha təvila"
Eləcə də bu gecələrdə təvəssül əllərini o həzrətin rəhmət, mehribanlıq və nəvazişli ətəyinə uzatmaqdan qafil olmasınlar ki, inşaAllah, "Qədr" gecəsinin xeyir-bərəkətlərindən bəhrələnə bilsinlər.