IMAM CӘFӘR SADIQ ӘLEYHISSALAMIN TƏVƏLLÜDÜ
Imam Sadiq əleyhissalamın mübarək vücudunun qızıl günəş 83-cü hicri ilin Rəbül-əvvəl ayının 17-də Mədinə şəhərində parladı. O həzrətin anasının adı Ümmi Fərhə idi. Atası imam Məhəmməd Baqir (ə) oğlunun dünyaya gəlməsindən çox sevinmişdi. O həzrətin anası Әli əleyhissalamın əshabından olan Məhəmməd ibni Әbu Bəkrin nəvəsi idi. Həzrət Әli (ə) onun haqqında daim belə buyurardı: «Məhəmməd mənim mənəvi nəvəmdir». Məhəmməd ibni Әbu Bəkrin anası isə təqvalı və həmişə həzrət Fatiməyə xidmət etməkdən iftixar hissi duyan Әsma binti Üməys idi.
Imam Sadiq əleyhissalam öz anası haqqında belə buyurmuşdur: «Anam təqvalı, imanlı və xeyirxah qadınlardan idi.»
Imam Sadiq əleyhissalam babası imam Səccad (ə) dünyadan köçəndə 15, atası şəhid olduqda isə 34 yaşında idi.
Imam Hüseyn əleyhissalamın şəhadətindən sonra Әməvi hökuməti artıq sarsılmış, xalq isə onlarla düşmən olmuşdu ki, bu da hakimiyyəti Abbasilərin ələ keçirməsinə zəmin yaratmışdır. Bu iki qüdrət mərkəzi hakimiyyət uğrunda mübarizəyə qalxdığından şiə düşüncələrini təbliğ etmək və yaymaq üçün fürsət yaranmışdı. Məhz belə bir vaxtda Imam Sadiq əleyhissalam öz elmi hərəkatı ilə islam incəliklərini bütün dünyaya yaymağa müvəffəq oldu.
IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Məlum olduğu kimi insanların zahiri rəftarı onların daxili əxlaq və düşüncələrini əks etdirir. Belə ki, insanları öz rəftar və davranışları ilə tanımaq mümkündür. Az adam tapılar ki, qəlbində olanları öz rəftar və hərəkətləri ilə büruzə verməsin.
Imam Sadiq əleyhissalam da başqa imamlar kimi, bütün həyatı boyu həqiqi islamı təlim edirdi. O həzrətin özü də islam əxlaqının parlaq nümunəsi idi. Insanlar arasında hər cəhətdən, istər fikri, istər əxlaqi, istərsə də düşüncə baxımından bir-birilə eyni olan ata və oğul tapmaq olmaz. Lakin həzrət Peyğəmbərin ailəsi, eləcə də o həzrətin canişinlərinin hamısı eyni istiqamətdə, eyni nöqteyi-nəzər və eyni üslubda vahid bir hədəfə doğru irəliləyərək öz müqəddəs borclarını yerinə yetirirdilər. Onların fikirləri, sözləri və davranışları arasında heç bir fərq yoxdur.
Imam Sadiq əleyhissalamın əxlaqi üstünlük və dəyərlərini isbat etmək üçün təkcə bu kifayətdir ki, onan dörd min tələbəsi arasında bir nəfər belə tapılmadı ki, o həzrətin əxlaq və üslubunu bəyənməyib ondan narazı qalsın. O, natiqlikdə, yeriməkdə, başqaları ilə rəftarında, yeməkdə hətta istirahət etməkdə belə müsəlmanlar üçün əbədi bir örnək idi. O həzrət öz uşaqları ilə necə davranırdısa, dostları ilə də eyni şəkildə davranırdı.