Allahın adı ilə
Şəhid olduğu gecə İmam (ə) yuxuda babası Peyğəmbəri görmüşdü ki, ona belə buyurdu: «Sabah bizim yanımıza gəl. Bizim yanımızda olan, indi içində olduğundan daha yaxşıdır».
Hərsəmə belə deyir: Gecə yarısı İmam (ə) məni hüzuruna çağırdı. Mən imamın yanına getdim. Həzrət mənə belə buyurdu: «Məmun sabah məni üzüm və narla zəhərləyəcək. Bunu bil ki, şəhid olduğumdan sonra o, məni qüsl etmək istəyəcək. Ona belə de ki, bu işi görmə, yoxsa Allah sənə möhlət verməz. Elə bu vaxt heç kimin görüb bilmədiyi bir şəkildə oğlum Mədinədən gəlib qüsl və kəfən edəcək. Sonra mənim meyidimi Harunun məqbərəsinə aparacaqlar və Məmun məni onun arxasında dəfn etmək istəyəcək. Lakin vurduğu külüng yeri qazmayacaq. Bu vaxt sən Məmuna de ki, qəbrin önündə külüngünü yerə vursun. Sonra hazır bir qəbir görünəcək və başının üstündə şəffaf su qaynayıb daşacaq və suyun içində kiçik balıqlar görünəcək. Sonra böyük bir balıq gəlib kiçik balıqları yeyəcək, ondan sonra su çəkilib gedəcək. Bu vaxt məni qəbrə qoyun, amma qəbrimə torpaq tökməyin. Çünki qəbir öz-özünə dolacaq. Ey Hərsəmə, dediyim işləri görün və qoymayın ki, ayrı iş görülsün, yoxsa Allah sizi əzablandırar». Nəhayət Məmun o Həzrəti (ə) Mərvdən Bağdada gedən yolda, Tus şəhərində zəhərli üzümlə zəhərlədi. Həzrət (ə) evinə qayıdıb köhnə dostu Әbasəltə belə buyurdu: «Evin xalçalarını yığışdır və heç kimi evə gəlməyə qoyma. Mənim can verən zamanımdır. Mən də, babam Hüseyn (ə) kimi torpaq üstündə can vermək istəyirəm.»